TDT-nin Baş katibi Nordic International University-ni ziyarət edib

TDT-nin Baş katibi Nordic International University-ni ziyarət edib

TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüraliyev, 15 noyabr 2025-ci il tarixində Nordic International University-ni (NIU) ziyarət edib. Ziyarət, universitet rəhbərliyinin təşəbbüsü ilə, Baş katibin Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənddə həyata keçirilib.

Ziyarət zamanı Baş katib Ömüraliyev NIU Müşahidə Şurasının sədri Alişer Curayev və universitetin rektoru  Şerzod Mustafakullov ilə görüşüb.

Baş katib, NIU-nun Türk Universitetləri Birliyinə (TÜRKÜNİB) yeni qəbul olunması münasibətilə universitet rəhbərliyini təbrik edib və 2025–2026-cı illər dövrü üçün TÜRKÜNİB-ə sədrliyi həyata keçirəcək Daşkənd Beynəlxalq Universiteti (TIU) ilə fəal əməkdaşlıq etməyə çağırıb.

Qeyd etmək lazımdır ki, NIU TÜRKÜNİB-ə 15 oktyabr 2025-ci ildə Daşkənddə keçirilmiş 8-ci Ümumi Assambleya zamanı üzv qəbul edilib.

Tərəflər, həmçinin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və türk dövlətləri arasında akademik tərəfdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə, TÜRKÜNİB-in Orxon Mübadilə Proqramı çərçivəsində birgə layihələrin və proqramların həyata keçirilməsi barədə razılığa gəliblər.

NIU tərəfindən hazırda icra olunan müxtəlif layihələr Baş katibə təqdim olunub və hər iki tərəf yaxın gələcəkdə təhsil təşəbbüslərinin inkişafı və həyata keçirilməsi üzrə əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.