TDT-yə üzv dövlətlərin Dəmiryolu İdarələrinin Rəhbərlərinin 3-cü İclası Bişkekdə keçirilib

TDT-yə üzv dövlətlərin Dəmiryolu İdarələrinin Rəhbərlərinin 3-cü İclası Bişkekdə keçirilib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Dəmiryolu İdarələrinin Rəhbərlərinin 3-cü İclası 31 oktyabr 2025-ci il tarixində Bişkekdə baş tutub.

Tədbirdə Qırğız Respublikası Nəqliyyat və Kommunikasiya nazirinin müavini cənab Almaz Turğunbayev, “NC Kyrgyz Temir Jolu” Dövlət Müəssisəsinin Baş direktoru cənab Azamat Sakiev, “O‘zbekiston temir yo‘llari” ASC İdarə Heyəti sədrinin birinci müavini cənab Hixmatulla Raxmətov, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini cənab Nicat Quliyev, “NC Kazakhstan Temir Zholy” ASC İdarə Heyəti sədrinin müavini cənab Anuar Axmetjanov, Türkiyə Dövlət Dəmir Yollarının Nəqliyyat A.Ş. İdarə Heyətinin üzvü və Baş direktorun müavini cənab Çətin Altun, eləcə də TDT Baş katibinin müavini cənab  Mirvokhid Azimov iştirak ediblər.

Açılış nitqində  Mirvokhid Azimov Qarabağ, Bişkek, Budapeşt və Qəbələ Bəyannamələrində müəyyən edilmiş öhdəliklərin icrasının vacibliyini vurğulayıb, Dövlət Başçılarının Orta Dəhlizin beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq vasitəsilə gücləndirilməsi və səmərəli tranzit prosedurlarının tətbiqi barədə göstərişlərini diqqətə çatdırıb.
Toplantı zamanı tərəflər Türk Dövlətlərinin dəmir yolu idarələrinin və aidiyyəti qurumlarının qarşılaşdığı ortaq məsələlər və çağırışlar barədə fikir mübadiləsi aparıblar. Xüsusi olaraq Orta Dəhliz boyunca konteyner və multimodal daşımaların inkişafına diqqət yetirilib.

Tərəflər TDT-nin Nəqliyyat Əlaqəliliyi Proqramının icrası üzrə Birgə Fəaliyyət Planı (“Yol Xəritəsi”) çərçivəsində atılacaq addımları müzakirə ediblər.

Qeyd olunub ki, Orta Dəhliz strateji əhəmiyyətini artırmaqda davam edir. 2024-cü ildə dəhliz üzrə yük daşımaları 2023-cü illə müqayisədə 62% artaraq 2,7 milyon tondan 4,5 milyon tona yüksəlib. Görülən tədbirlər nəticəsində 2027-ci ilə qədər dəhlizin illik ötürmə qabiliyyətinin 10 milyon tona çatdırılması gözlənilir.

Toplantıda həmçinin TDT-yə üzv dövlətlərin dəmir yolu idarələri və turizm strukturlarının nümayəndələrindən ibarət müvəqqəti İşçi Qrupunun yaradılması barədə qərar qəbul edilib. İşçi Qrupu Türk dövlətləri arasında və kənarında turistik sərnişin qatarlarının işə düşməsi imkanlarını araşdıracaq.

Tədbir sonda TDT-yə üzv dövlətlərin Dəmiryolu İdarələrinin Rəhbərlərinin 3-cü Toplantısının Protokolunun imzalanması ilə yekunlaşıb.