Bu gün, 3 Oktyabr, həm Türk Dövlətləri Əməkdaşlıq Günüdür, həm də Təşkilatımızın əsasını qoyan tarixi Naxçıvan Müqaviləsinin imzalanmasının 16cı ildönümüdür.
Bu əlamətdar hadisə sadəcə təşkilati inkişafımızı deyil, eyni zamanda Türk xalqlarının davamlı birliyini, həmrəyliyini və qardaşlığını da əks etdirir. Türk Dövlətləri Təşkilatı son on altı il ərzində əhatəli əməkdaşlıq platformasına çevrilib. Əvvəllər müəyyən sahələrə yönəlmiş fəaliyyətlərimiz bu gün daha geniş miqyas almışdır və hazırda iqtisadiyyat, nəqliyyat, gömrük, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə, gənclər və idman, rəqəmsallaşma, innovasiya, ətraf mühit və təhlükəsizlik daxil olmaqla təxminən 40 müxtəlif sahəni əhatə edir.
Əməkdaşlığın miqyası ildən-ilə genişlənir, məzmunu isə dərinləşir. Bu inkişaflar həm ortaq məqsədlərin həyata keçirilməsinə, həm də tariximizdən və mədəniyyətimizdən doğan bağların həmrəylik və davamlı inkişaf üçün təsirli vasitələrə çevrilməsinə imkan yaradır. Bu irəliləyişlər Üzv və Müşahidəçi Dövlətlərimizin Dövlət Başçıları tərəfindən göstərilən qətiyyətli öhdəlik və uzaqgörən siyasət, Xarici İşlər Nazirləri tərəfindən verilən qiymətli məsləhətlər, eləcə də bütün nazirliklər, qurumlar və institutlar tərəfindən həyata keçirilən fəal səylər olmadan mümkün olmazdı. Onların peşəkarlığı və verdikləri töhfələr Təşkilatımızın nailiyyətlərinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə təkan vermişdir.
Bu fürsətdən istifadə edərək, ötən il ərzində Təşkilatımızın gündəliyinin inkişaf etdirilməsində və mühüm təşəbbüslərin həyata keçirilməsində Qırğız Respublikasının Sədrlik fəaliyyətini yüksək qiymətləndiririk. Qırğızıstanın rəhbərliyinə dərin minnətdarlığımızı bildirir və 7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçiriləcək Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü böyük maraqla gözləyirik.
Həmin Zirvə çərçivəsində Sədrlik Azərbaycan Respublikasına təhvil veriləcək və biz əminik ki, Azərbaycan əldə olunan nailiyyətləri davam etdirərək, əməkdaşlığımızın qarşıdakı dövrdə daha da güclənməsini təmin edəcək. Bu əlamətdar gün münasibətilə, Türk Dövlətləri Təşkilatı gələcəyə inamla baxır, siyasi dialoqu möhkəmləndirir, iqtisadi əlaqələri dərinləşdirir, mədəni mübadiləni genişləndirir və beynəlxalq arenada ortaq səsini gücləndirir.
Bu münasibətlə, Üzv və Müşahidəçi Dövlətlərin xalqlarına və hökumətlərinə səmimi təbriklərimi və dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, həmrəyliyimiz möhkəmlənəcək, əməkdaşlığımız genişlənəcək və ortaq vizyonumuz hər bir ölkənin sülh, sabitlik və tərəqqisinə töhfə verəcək. Türk Dövlətləri Əməkdaşlıq Günü mübarək!
Səmimi hörmətlə,
Səfir Kubanıçbek Ömüraliyev
TDT Baş katibi










