TDT Baş Katibi Aziz Sancar Fondunda TDT-nin Baxışını və Strateji Prioritetlərini Təqdim etdi

TDT Baş Katibi Aziz Sancar Fondunda TDT-nin Baxışını və Strateji Prioritetlərini Təqdim etdi

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, Zati-aliləri səfir Kubanıçbek Ömüraliyev 18 dekabr 2025-ci il tarixində Chapel Hill şəhərində yerləşən Aziz Sancar Fondunda çıxış edib. O, çıxışında sürətlə dəyişən qlobal mühitdə TDT-nin strukturu, missiyası və strateji prioritetlərinə diqqət çəkib.

Tədbir seçilmiş akademikləri, elm ictimaiyyətinin nümayəndələrini və türk diasporasının üzvlərini bir araya gətirərək diplomatiya, elm və xalqlar arasında artan qarşılıqlı əlaqə və yaxınlaşmanı nümayiş etdirib.

Baş katib çıxışında TDT-nin inteqrasiya, koordinasiya və strateji tərəfdaşlıq üçün platforma rolunu oynayan, tam şəkildə institusionallaşmış və nəticəyönümlü hökumətlərarası təşkilata çevrilməsini vurğulayıb. O, həmçinin ABŞ-li siyasətçilər və beyin mərkəzləri də daxil olmaqla qlobal miqyasda artan maraq fonunda TDT-nin beynəlxalq görünürlüğünün və əhəmiyyətinin getdikcə artdığını qeyd edib.

Baş katib professor Aziz Sancara xüsusi istinad edərək, onun 2025-ci ilin may ayında Budapeştdə keçirilmiş TDT Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Ali Şir Nəvai Mükafatı və Medalı ilə təltif olunduğunu xatırladıb. Prof. Sancar’ın nailiyyətlərinin təkcə elmi mükəmməlliyi deyil, eyni zamanda bütün Türk Dünyasının ortaq intellektual irsini və potensialını simvolizə etdiyini bildirib.

Professor Aziz Sancar isə Türk Dünyasının birlik içində olması və ortaq məqsəd istiqamətində hərəkət etməsinin vacibliyini vurğulayıb. Türk Dünyasının elm, təhsil, innovasiya və qlobal qarşılıqlı əlaqə sahələrində hələ tam şəkildə üzə çıxarılmamış böyük potensiala malik olduğunu qeyd edən Prof. Sancar, bu artan inteqrasiyanın beynəlxalq münasibətlərdə yeni bir reallığı təmsil etdiyini bildirib və sözügedən potensialın həyata keçirilməsi üçün daha güclü həmrəylik və uzunmüddətli strateji baxışın əhəmiyyətinə diqqət çəkib.