10.12.2013
qeyri-rəsmi tərcümə
Cənab Sədr,
Baş katib,
Zati aliləri, xanımlar və cənablar,
Nitqimə başlamazdan öncə, zati-aliləri Prezident Alfa Kondaya bu gün bizi gözəl Konakri şəhərində səmimi qəbul etdiyinə və göstərilmiş qonaqpərvərliyə və İƏT Xarici İşlər Nazirlərinin Şurasının 40-cı sessiyasının yüksək səviyyədə təşkil olunmasına görə Qvineya Respublikası və onun qardaş xalqına təşəkkür etmək istərdim. Xarici İşlər Nazirləri Şurasının sədrliyinin sizə keçməsi münasibətilə təbrik edir və bu şərəfli vəzifədə uğurlar arzulamaq istərdim. Cibuti Respublikasına Xarici İşlər Nazirləri Şurasında sədrliyi dövründə uğurlu və səmərəli fəaliyyətinə görə dərin minnətdarlığımızı bildirirəm.
Zati aliləri,
İslam Ümməti ilə mədəni, dini və tarixi köklərlə bağlı olan Azərbaycan Respublikası hər zaman İslam ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafına böyük önəm vermişdir. Avropa və Asiyanın kəsişməsində yerləşən coğrafi mövqeyinə görə Azərbaycan əsrlər boyu qərb və şərq sivilizasiyaları arasında körpü rolunu oynamışdır. Azərbaycan hər zaman dünyada İslamın mədəni və mənəvi dəyərlərini təşviq etmişdir.
Sivilizasiyalararası dialoqun təşviqi məqsədilə ev sahibliyi və təşkil etdiyimiz Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu, Beynəlxalq Humanitar Forumu, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 8-ci sessiyası sözügedən missiyanın bariz nümunələridir.
Bu xüsusda, müasir dünyada sivilizasiyalararası dialoqun əhəmiyyətini vurğulamaq istərdim. “Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili” mövzusu bir daha nümayiş etdirir ki, sülh dialoqdan ayrılmazdır. Sivilizasiyalararası dialoq sülh və təhlükəsizliyi möhkəmləndirmək, münaqişələri tənzimləmək, mədəni müxtəlifliyi gücləndirmək və davamlı inkişafa təkan vermək üçün potensiala malikdir. Müəyyən yanlış fikirlərin olduğu şəraitdə sivilizasiyalararası dialoqun gücləndirilməsi, xalqlar və dövlətlər arasında dözümlülüyün təşviqi və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi xüsusi olaraq zəruridir.
Azərbaycan Respublikası hər zaman dini nifrətə rəvac verilməsi və dinlərin təhqir olunmasına qarşı qəti mübarizəyə çağırmışdır. Bu gün mövcud olan İslamofobiya meyllərinin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizin birləşdirilməsi çox vacibdir. Müsəlmanlara qarşı İslamofobiya meylli yanaşma yalnız qəbuledilməz olmayaraq, eləcə də İslamofobiyaya qarşı müsəlman dövlətləri arasında həmrəylik və dialoqun gücləndirilməsi zərurətini yaradır.
Zati aliləri,
İslam Dünyasının qarşılaşdığı davamlı problemlər İƏT çərçivəsində geniş və səmərəli əməkdaşlığı vacib edir.
Azərbaycan xalqı bir daha qardaş Fələstin xalqına sabitlik və sülh naminə mübarizəsində və müstəqil dövlətinin yaradılmasında tam dəstəyini bəyan edir. 11 iyun 2013-cü il tarixində Bakı şəhərində Fələstin Dövlətinə yardım məqsədilə Təhlükəsiz İslam Maliyyə Şəbəkəsinin yaradılması və Müqəddəs Əl-Qüds şəhərinə dəstək üzrə iki İƏT-in xarici işlər nazirlərinin konfransları keçirilmişdir. Sözügedən konfranslar zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndə heyəti ehtiyac duyulan sosial və infrastruktur layihələrinin həyata keçirilməsi üçün Fələstinin hökumət orqanları və BMT-nin qurumları ilə görüşlər keçirir.
Hörmətli həmkarlar,
Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi və işğal edilmiş ərazilərdə dəhşətli etnik təmizləmənin törədilməsini qınayaraq göstərdiyi davamlı mövqeyə görə Azərbaycan İslam Ümmətinə, hər bir İƏT üzv dövlətinə və İƏT Katibliyinə təkrarən öz minnətdarlığını izhar edir. Biz xüsusilə BMT Təhlükəsizlik Şurasının, İƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində və qərarlarında tələb olunan dərhal, qeydi-şərtsiz və tam şəkildə erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən çıxarılması çağırışlarına görə İƏT-in üzv dövlətlərinə minnətdarlığımızı bildiririk.
Zati-aliləri,
Xanımlar və Cənablar,
İƏT üzv dövlətləri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. İƏT-in məqsədlərini və İslam dəyərlərini təşviq edərək, Azərbaycan İƏT-in fəaliyyətində və təşkilat tərəfindən həyata keçirilən proqramlarda yaxından iştirak edir. Bunların sırasında, 18-19 Mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin himayəsi altında Bakıda BMT-nin narkotiklər və cinayətkarlığa qarşı mübarizə ofisi və İSESKO-nun birgə təşkil etdiyi “Terrorizmin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans, 25-26 aprel 2013-cü il tarixində Bakıda keçirilmiş İƏT nazirlərinin iclası və bu iclasda Bakıda İƏT Əmək Mərkəzinin yaradılması barəsində qərar, 11-12 noyabr 2013-cü il tarixində İSESCO-nun üzv dövlətlərinin uşaq məsələlərinə məsul nazirlərinin “İslam Dünyasının Uşaqları və Şəhərsalma üzrə Problemlər “ mövzusunda Bakıda keçirilmiş IV İslam Konfransını qeyd etmək olar. 2014-cü ildə “İƏT üzv dövlətlərinin inkişafında qadınların rolu” mövzusunda keçiriləcək nazirlər konfransının 5-ci sessiyasına da ev sahibliyi etməkdən çox məmnun olacağıq.
Azərbaycan, həmçinin ehtiyacı olan İƏT üzv dövlətlərinə humanitar yardım göstərməyə davam edir və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi İslam İnkişaf Bankı ilə birlikdə İƏT-in Afrikadan olan 9 üzv dövlətinə “qarşısı alına bilinən korluqla mübarizə” kampaniyası çərçivəsində humanitar yardım təşkil edir.
Hörmətli həmkarlar,
Azərbaycan İƏT və BMT arasında son illərdə əməkdaşlığın müxtəlif sahələrdə sıx məsləhətləşmələr və əməkdaşlıq şəklini alaraq, daha da əhəmiyyətli olmasından məmnundur. Bir çox siyasi münaqişələrin İƏT regionunda baş verməsi səbəbindən İƏT sülh və təhlükəsizliyinin təmin edilməsi məsələlərində daha da fəal olmalıdır. Buna görə də biz İƏT və BMT Təhlükəsizlik Şurası arasında əməkdaşlığı və daha sıx birgə fəaliyyəti strateji hesab edirik.
Mən 28 oktyabr 2013-cü il tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT və İƏT arasında əməkdaşlıq üzrə BMT TŞ-nin yüksək səviyyəli iclasının keçirilməsini qeyd etmək istərdim. Bu yüksək səviyyəli görüş İƏT və BMT TŞ arasında əməkdaşlığın cari səviyyəsinin nəzərdən keçirilməsi və eləcə də sülh və təhlükəsizliyin gücləndirilməsi üzrə daha sıx əməkdaşlığa doğru ideyaların və tədbirlərin araşdırılması üçün əlverişli imkanlar yaratmışdır.
İƏT-in də üzvü olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikaları üzv olduqları Türkdilli dövlətlərin əməkdaşlıq şurası regional təşkilat kimi İƏT yanında müşahidəçi statusu almaq üçün müraciət etmişdir. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının fəaliyyətdə olan sədri kimi, Azərbaycan inanır ki, regional əməkdaşlıq mexanizmi olaraq, bu təşkilatın müşahidəçi statusu əldə edərək, İƏT-in fəaliyyətində iştirakı hər iki təşkilatın bölüşdüyü birgə məqsədlərin həyata keçirilməsinə töhfə verəcəkdir.
Hörmətli Həmkarlar,
Mən İƏT-in Baş Katibi Prof. Ekmaləddin İhsanoğluna, təşkilatın məqsəd və məramlarının həyata keçirilməsində göstərdikləri peşəkarlığa görə onun heyətinə və onun rəhbərliyi altında görülən böyük işlərə görə səmimi minnətdarlığımı izhar edirəm. Prof. Ekmaləddin İhsanoğlunun rəhbərliyi dövründən danışarkən qeyd etmək lazımdır ki, Müsəlman Ümmətinə xidmət edən ən böyük hökumətlərarası təşkilat kimi İƏT tərəfindən böyük təşəbbüslərə və islahatlara imza atılmışdır.
Mən bu xoş fürsətdən istifadə edərək, zati-aliləri cənab İyad Əl Mədənini növbəti Baş Katib olması münasibətilə təbrik edir və ona bu ali vəzifənin icrasında uğurlar arzu etmək istəyirəm. Mən əminəm ki, birgə səylərimiz nəticəsində biz İslam Ümmətinin hər bir ölkəsində sülh, sabitlik və çiçəklənmənin təmin edilməsi naminə qarşımıza qoyduğumuz ali məqsədləri uğurla həyata keçirəcəyik.
Təşəkkür edirəm.